Marşrut xətti № 6: Araşdırma “BakuBus”a düzgün məlumat verməyən sərnişinin əməllərini üzə çıxarıb

Sərnişin avtobusa ödəniş etmədən daxil olub və sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olub. 

Hadisə 6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusda qeydə alınıb.

Belə ki, oktyabrın 22-də Nəbi Şərifov adlı şəxs “BakuBus” MMC-nin “Qaynar xətt”inə zəng edərək sürücünün 6 nömrəli marşrut xətti üzrə avtobusu təhlükəli idarə etdiyini bildirib. 

Status

Müraciətlə əlaqədar “BakuBus” MMC-də araşdırma başlanıb və avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntülərə baxılıb. Görüntülərə baxış zamanı şikayətin əsassız olduğu üzə çıxıb. Məlum olub ki, şikayətçi dayanacaqda avtobusa ödəniş etmədən daxil olub. Avtobus hərəkətə başladığı vaxt isə idarəetməni qaydalar çərçivəsində həyata keçirən sürücüyə yaxınlaşaraq, ona nəqliyyat vasitəsini təhlükəli idarə etməsi barədə irad bildirib. Bununla da, sürücünün avtobusu idarə etməsinə mane olub və onu çaşdırmağa çalışıb.

“BakuBus” MMC bir daha vətəndaşları qaydalara əməl etməyə, o cümlədən avtobusa daxil olarkən ödənişi həyata keçirməyə və sürücülərin nəqliyyat vasitəsini idarə etməsinə mane olmamağa çağırır.

Sərnişinin avtobusa ödəniş etmədən daxil olmasının və  sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olmasının əks edildiyi görüntünü təqdim edirik: